“Rusiyanın Azərbaycan stansiyasına hücumu "nəticələrə hazır olun” mesajıdır” - Azər Hüseynov

15:17 07.08.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Xəbər verdiyimiz kimi, avqustun 6-da Rusiya Ukraynanın Odessa regionunda Qaz Nəqli Sistem Operatorunun stansiyasına hücum edib. Sözügedən stansiya Yunanıstanın maye qaz terminallarını Trans-Balkan boru xətti vasitəsilə Ukraynanın qaz ehtiyatı təsisatları ilə birləşdirən marşrutun bir hissəsidir. Hansı ki, ABŞ maye qazı və Azərbaycan qazı buradan təmin olunur. Artıq ABŞ Azərbaycan qazını Ukraynaya nəql edən stansiyanın Rusiya tərəfindən hədəfə alınmasını qınayıb. Beləki, ABŞ Dövlət Departamenti hücumları “qəbuledilməz” adlandırıb.

Bütün hallarda Rusiyanın bu addımı nəyə hesablanıb, bunda sonrakı mərhələdə nələrlə üzləşə bilərik və ABŞ sadəcə qınaqla kifayətlənəcəkmi?

Bu istiqamətdə hafta.az-ın sorğusunu cavablayan siyasi ekspert Azər Hüseynov bildirib ki, məlum stansiyanın vurulması Azərbaycanın da daxil olduğu enerji oyunçularına verilmiş bir siqnaldır, "qazınızı hansı tərəfə verirsinizsə, ona uyğun da nəticələrə hazır olun” mesajıdır.

Ekspert hesab edir ki, ABŞ Dövlət Departamentinin “bu hücum qəbuledilməzdir” açıqlaması gözlənilən idi. Ancaq sual budur: ABŞ bu qınama ilə kifayətlənəcəkmi, yoxsa artıq enerji infrastrukturlarına edilən bu tip hücumlara qarşı real müdafiə və cavab mexanizmləri qurulmalıdır:

“Bu hadisə göstərdi ki, enerji logistikası və təhlükəsizliyi yalnız bazar mexanizmləri ilə deyil, həm də hərbi-siyasi çərçivələrlə qorunmalıdır. ABŞ və Avropa ölkələri Rusiyanın bu tip riskləri nəzərə alaraq bölgədəki enerji sistemlərini daha ciddi müdafiə altında saxlamalıdır, amma sözlə deyil, əməliyyat planları ilə...”

Ekspert bu hadisənin Azərbaycan üçün bir neçə mühüm dərsi olduğunu da vurğulayıb:

“Əvvəla, ölkəmiz Cənub Qaz Dəhlizi çərçivəsində Avropanın enerji təhlükəsizliyində rolunu artırdıqca, bu rolun yalnız iqtisadi deyil, eyni zamanda siyasi və təhlükəsizlik ölçüləri də genişlənir. Azərbaycanın qaz ixrac etdiyi ölkələr və bu qazın keçdiyi yollar artıq qlobal qarşıdurmaların coğrafiyası içərisindədir. Bu səbəbdən, Bakı diplomatik səviyyədə olduğu qədər enerji təhlükəsizliyi konsepsiyasında da öz mövqeyini gücləndirməlidir.

İkincisi, ABŞ və Avropa ilə enerji tərəfdaşlığının təkcə qaz satmaqla kifayətlənməyəcəyi aydınlaşır. Azərbaycanın öz infrastrukturunun təhlükəsizliyini qorumaq, mümkün risk ssenarilərini əvvəlcədən hesablamaq və özünün də daxil olduğu regional enerji şəbəkələrində strateji koordinasiyanı gücləndirmək məcburiyyəti var. Əks halda, bu tip hücumlar yalnız Ukraynanın deyil, Azərbaycanın da enerji maraqlarına zərbə vuracaq.

Üçüncüsü, bu hadisə Azərbaycanın geosiyasi çevikliyinin nə qədər vacib olduğunu bir daha sübut edir. Heç bir tərəfi tam itirmədən, lakin öz maraqlarını da qurban vermədən, balanslı, lakin ayıq bir siyasət yürütmək zərurəti daha da aktuallaşır. ABŞ-ın qınamaları yetərli olmaya bilər, amma bu qınamaların əməli müdafiəyə çevrilməsi üçün Azərbaycan kimi ölkələrin də diplomatik səyləri və təşəbbüskarlığı lazımdır”.